SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru iş yerində ürək çatışmazlığından vəfat edib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Bazar günü Simran Məhərrəmov saat 10:00 radələrində “Neft Daşları” ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb.
Əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb.
Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə mərhum ürək çatışmazlığından vəfat edib.
N.Abbasova