Tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsmlərindən ibarət 2015-ci il üçün divar təqvimi nəşr olunub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çapdan çıxmış bu təqvimin ilk səhifəsi istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığı haqqında məlumatla başlanır. Məryəm Ələkbərli erkən yaşlarından incəsənətlə məşğul olmağa başlayıb.
Məryəm Ələkbərlinin Bakı, Berlin, Paris, Moskva, İstanbul, Ankara, Roma, Riqa və başqa şəhərlərdə fərdi sərgisi keçirilib. Gənc rəssam bir sıra xarici ölkələrdə keçirilən sərgilərdə də uğurla iştirak edib.
Onun işləri xeyriyyə fondları tərəfindən açıqca şəklində çap edilib. Hazırda Parisdə təhsil alan rəssamın yaradıcılığı “Mənim gözəl dünyam”, “Prelude pour le printemps”, “Four seasons”, “Dance of colors”, “Land of fire” və digər kitablarında əksini tapıb.
Təqvimin səhifələrində Məryəm Ələkbərlinin “Zamanın dörd rəngi”, “Azərbaycan rəqsləri”, “Azərbaycan muğamı”, “Ornament”, “Bakı hamamları” seriyalarından əsərləri, eləcə də “Qış səhləb çiçəkləri”, “Lalələr” rəsmlərindən fraqmentlər və digər tanınmış əsərləri haqqında məlumat yer alıb.
A.Zeydullayeva