Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan ölkəyə 35 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alıb. Bu barədə MTN-nin İctimai Əlaqələr İdarəsindən məlumat verilib.
Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üç Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 3,97 kq heroin və 27 kq tiryək aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən daha iki Azərbaycan vətəndaşı saxlanılıblar. Keçirilən baxış nəticəsində onlardan 4,952 kq tiryək aşkar edilərək götürülüb.
MTN nümayəndələri həyata keçirilən daha əməliyyat-axtarış tədbiri nəticəsində digər bir ölkə vətəndaşını saxlayıb, ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
F.İsazadə