Azərbaycanın Berlindəki səfirliyində 2014-cü il ərzində səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil olunmuş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
Səfirliyin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilmiş görüşdə Diasporla İş üzrə Dövlət Komitəsənin nümayəndələri İlham Məmmədov, Elnur Əliyev, Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, tələbə və gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.
Görüşdə 2014-cü il ərzində səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil olunmuş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub.
Təbirdə iştirak edən cəmiyyət rəhbərləri 2014-cü il ərzində Almaniyada Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin alman ictimaiyyətinə çatdırılması istiqamətində, eyni zamanda Azərbaycan tarixinin, mədəniyyətinin təbliği sahəsində görülmüş işlər haqqında məlumat verib, yeni layihələrlə bağlı təkliflər irəli sürüblər.
2015-ci ildə erməni diasporu və lobbisinin qondarma erməni soyqırımı ilə əlaqədar planlarına xüsusi diqqət ayrılıb, Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və bu istiqamətdə ölkənin ictimai-siyasi qurumları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb.
R.Babayev