Maltanın Baş nazir Cozef Muskat Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib ki, Malta Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Baş nazir əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib.
Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırıb. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrimizin genişlənməsi baxımından önəmini vurğulayıb. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cozef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğulayıb.
İlham Əliyev Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb .
Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri Cozef Muskatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev