2014-cü ilin yanvar-noyabr aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,5% - 4 mlrd. 400 mln. 608,9 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövrü ərzində Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Bu şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcmi 1 mlrd. 424 mln. 645,7 min manat və ya bütün investisiyaların 32,4%-ni təşkil edib (artım 5,2%).
Norveç şirkətləri tərəfindən investisiya qoyuluşları 812 mln. 894,1 min manat həcmində olub (artım 73,8%).
Bundan başqa, yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına Türkiyə şirkətləri 380 mln. 618,6 min manat (artım 40,7%), ABŞ şirkətləri 346 mln. 18 min manat (azalma 23,9%), Fransa şirkətləri 300 mln. 789,6 min manat (artım 2 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 114 mln. 740,2 min manat (azalma 17,5%), Asiya İnkişaf Bankı 62 mln. 931,2 min manat (artım 48,8%) məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
A.Axundov