Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-noyabr aylarında 384 cinayət xarakterli gömrük qanun pozuntusu faktı qeydə alıb. Bu barədə DGK-nın məlumatında qeyd edilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 219 fakt qeydə alınıb. Qalan faktlar digər cinayət xarakterli qanun pozuntularının payına düşür.
DGK-nın məlumatına əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında 427 nəfər qanun pozuntusuna yol verib.
Həmin dövrdə DGK inzibati xarakterli 9405 qanun pozuntusu faktı, o cümlədən gizli daşınma üzrə 194 fakt, bəyan edilməmiş məhsulların daşınması üzrə 221 fakt, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 7750 fakt və digər qanun pozuntuları qeydə alınıb.
N.Abbasova