Bu gün Milli Məcıisin plenar iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” və “ İnformasiya alınması haqqında” qanunlara düzəlişlər qəbul edilib. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
KİV-lərin fəaliyyəti haqqında qanunvericiliyə müvafiq olaraq Azərbaycanda əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq mətbu nəşrin adları ilə eynilik təşkil edən adların qoyulmasına icazə verilmir.
“KİV-lər haqqında qanuna edilmiş düzəlişə əsasən, kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.
Mövcud qanunvericiliyə əsasən, məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.
Düzəlişlərin edilməsi haqqında qanun layihəsi Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən göndərilib.
R.Babayev