Azərbaycan rəhbərliyinin qarşısında duran əsas vəzifə ölkənin Hərbi Qüvvələrinin gücləndirilməsi və işğal edilmiş ərazilərin azad edilməsidir. Bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov söyləyib.
“Azərbaycan rəhbərliyi və şəxsən prezident İlham Əliyev ölkənin hərbi qüvvələrinin döyüş hazırlığının möhkəmləndirilməsi məqsədi ilə genişmiqyaslı quruculuq işlərinin aparılmasını diqqət mərkəzində saxlayır”, - deyə Z.Həsənov 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirədə Hərbi Qüvvələrin hərbi tibbi xidmətinin Baş Kliniki Hospitalının rəhbər heyəti qarşısında çıxışı zamanı bidirib.
Z.Həsənov tibb xidməti zabitlərinin və hərbi xidmət rəhbərlərinin məsuliyyətinin artırılmasının, hərbi hissələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib, müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
R.Babayev