Ermənistanın Avrasiya İttifaqına daxil olması Azərbaycanın maraqlarına əsla toxunmayacaq. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bəyan edib.
“Ermənistanın bu İttifaqda iştirakı beynəlxalq hüquqa əsasən həyata keçiriləcək. Bu, Azərbaycanın maraqlarını qətiyyən məhdudlaşdırmayacaq”, - deyə diplomat mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında vurğulayıb.
Səfir, həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının fəaliyyət göstərməsinə dair müqavilə bu ölkənin tərəfdaşları üçün böyük imkanlar açır.
“Bu İttifaq Azərbaycan da daxil olmaqla, tərəfdaşlarımız üçün böyük perspektivlər açır. Belarus, Qazaxıstan, Rusiya 170 mln. istehlakçı deməkdir. Bu, bazarı dəfələrlə artırır, tərəfdaşlarımız üçün böyük imkanlar açır. Biz bu İttifaqın gələcəyinə nikbin baxırıq”, - deyə diplomat qeyd edib.
N.Patskeviç yaxın gələcəkdə İttifaq iştirakçılarının sayının artacağına ümid edir.
İkitərəfli münasibətlər haqqında danışan səfir məlumat verib ki, 2015-ci ilin ikinci yarısında Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri planlaşdırılır.
F.İsazadə