Azərbaycan Beynəlxalq Bankı (ABB) ipoteka kreditləşməsi üzrə əməliyyatların həcmini artımağı planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə ABB-nin baş direktoru Elmir Həbibullayev məlumat verib.
“Son zamanlar bank fiziki şəxslərin kreditləşməsi, o cümlədən mənzil almaq üçün kreditlərin verilməsi istiqamətində aktivləşib. ABB əhalinin daşınmaz əmlak ala bilməsi üçün imkanlarını artırmaq məqsədi ilə bazara xüsusi kredit proqramları təklif etməlidir”,- deyə E.Həbibullayev qeyd edib.
Onun sözlərinə görə, bankın öz proqramı çərçivəsində ipoteka kreditləşməsi üzrə portfelin cari həcmi təxminən 250 mln. manat təşkil edir.
“İpoteka proqramı üzrə illik faiz dərəcəsi 10-12% təşkil edir. Bu məqsədlə resusların cəlb edilməsi planlaşdırılır. Daha ucuz resurslar cəlb etmək mümkün olsa, faiz dərəcələrini də azaltmaq mümkün olacaq”,- deyə E.Həbibullayev əlavə edib.
O qeyd edib ki, bank filialların sayını kəskin şəkildə - 36-dan 70-ə qədər artırmağı planlaşdırır.
A.Axundov