Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə dekabrın 16-da Pakistanda törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.
Çərşənbə günü dövlət başçısının saytında verilən məlumata əsasən, İ.Əliyev Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldığını bildirib. “Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir”, - deyə prezidentin məktubunda deyilir.
“Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının məktubunda qeyd edilir.
F.İsazadə