Gənc alimlər “Akademik Murtuza Nağıyev” adına mükafata layiq görülüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Mərasim AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda keçirilib. Tədbirdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev gənclərə göstərilən diqqət və qayğıdan danışıb və 2014-cü ildə institutda fəaliyyət göstərən gənclərin əldə etdiyi nailiyyətləri qeyd edib.
Mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını bildirən D.Tağıyev institut gənclərindən 6 nəfərin namizədliyinin irəli sürüldüyünü deyib. Komissiya irəli sürülmüş namizədlərin üçünün fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib.
Sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqlayıb.
Tədbirdə kimya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Dünya Babanlıya, elmi işçi Nuranə Məlikovaya, elmi işçi Samirə Məmmədova elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə təltif olunublar.
A.Zeydullayeva