Rusiyanın böyük ticarət şirkətləri Azərbaycandan alınan kənd təsərrüfatı məhsullarının həcmini artırmaqda maraqlıdırlar. Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova söyləyib.
“Son bir neçə ayda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunur. Bundan başqa, Rusiyanın iri ticarət şirkətləri Azərbaycandan alınan kənd təsərrüfatı məhsullarının həcminin artırılmasında maraqlıdırlar. Bu məqsədlə intensiv müzakirələr aparılıb”, - dey S.Həsənova çərşənbə günü AzTV kanalında yayımlanan “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi RF şirkətləri ilə kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracına dair məsləhətləşmələri davam etdirmək niyyətindədir. “Rusiyada rublun məzənnəsi ilə bağlı vəziyyət sabitləşdikdən sonra biz bu istiqamətdə intensiv məsləhətləşmələri davam etdirəcəyik”, - deyə o əlavə edib.
Nazir müavini bildirib ki, hazırda Rusiya iqtisadiyyatında baş verən mənfi proseslər Azərbaycana güclü təsir göstərməyəcək. “Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi sabitliyin təmin edilməsi, neft gəlirlərinin səmərli istifadəsi istiqamətində vaxtında düzgün addımlar atıb. Bundan başqa, düzgün fiskal və prudensial siyasət yürüdülüb. Bütün bunlar bu gün bizə təhlükəsizlik yastığına malik olmağa imkan verib. Buna görə Azərbaycan indiki, o cümlədən də regiondakı böhrandan daha az zərərlə çıxacaq”, - deyə S.Həsənova qeyd edib.
A.Əzizov