2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 202,6 mln. ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin 11 ay ərzində qeyri-neft yük daşımalarının həcmi 3,3% - 145,1 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 76,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,5% dövlət sektorunun payına düşüb. 11 ay ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 3,4% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 19,8 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-cü ilin yanvar-noyabr aylarının göstəricisindən 7,1% azdır.
Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə 9 mln. ton (azalma 15,9%) müxtəlif yük daşınıb. Daşınmış yüklərin 56,2%-i neft və neft məhsullarının, 43,8%-i quru yüklərin payına düşüb.
Yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 117,7 mln. ton (artım 2,7%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 41,8 mln. ton neft (artım 5%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 75,3%-i və ya 31,5 mln. ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb, bu da 2013-cü ilin analoji dpvrünün göstəricisindən 4,6% çoxdur. DSK-nın məlumatına görə, yanvar-noyabr aylarında BTC neft kəməri ilə 5 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova