Hazırda Azərbaycanın YUNESCO ilə münasibətləri inkişafın ən səmərəli dövrünü yaşayır. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“UNESCO Azərbaycanın müstəqillik əldə etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biridir. O vaxtdan etibarən Azərbaycan və təşkilatın münasibətləri yüksələn xətlə inkişaf edib və hazırda inkişafın ən səmərəli dövrünü yaşayır”, - deyə Ə.Qarayev TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclasında bildirib.
Onun sözlərinə görə, UNESCO ilə əməkdaşlığın dərinləşməsi hər zaman Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət mərkəzindədir.
“Bu gün biz UNESCO üzrə Milli Komissiyanın 20 illliyini qeyd edirik. Bu dövr ərzində Komissiya UNESCO ilə münasibətlərinin inkişafına mühüm töhfə verib, xüsusilə təşkilatın Azərbaycanın təhsil, elm sahəsində müxtəlif dövlət strukturları ilə əməkdaşlığı üçün səylərin əlaqələndirilməsində Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilir. Qeyd etmək istərdim ki, Azərbaycan hər zaman türk ölkələri, xalqları ilə əməkdaşlığın tərəfdarı olub. Ənənəyə çevrilən Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi zamanı UNESCO ilə TÜRKSOY arasında tərəfdaşlığı hiss etdiyimizi xüsusi vurğulamaq istərdim. Bununla əlaqədar qeyd etmək istərdim ki, 18 may 2015-ci il tarixində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq. Məmnunluqla vurğulamaq istəyirəm ki, həm UNESCO, həm də TÜRKSOY nəinki bu forumun iştirakçısı, həm də təşkilatçısı və təşəbbüskarlarından biri kimi çıxış etməyi qərara alıb”, - deyə nazir vurğulayıb.
F.İsazadə