Azərbaycan türkdilli ölkələrin mədəniyyətlərinin yaxınlaşması işinə mühüm töhfə verir. Bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin bu gün Bakıda keçirilən iclasnda çıxışı zamanı bəyan edib.
“Azərbaycanın həyata keçirdiyi işlər mədəniyyətlər və ölkələrin yaxınlaşmasına müsbət təsir göstərir”,- deyə J.Asanov qeyd edib.
O bildirib ki, Azərbaycan bir çox beynəlxalq forumlarda aparıcı ölkələrdən biridir.
“Bu, Azərbaycan hökumətinin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”,- deyə TürkPA-nın baş katibi qeyd edib. Onun sözlərinə görə, ölkənin birinci xanımı bu istiqamətdə, Azərbaycanın mədəni dəyərlərinin inkişaf etdirilməsi sahəsində uğurlu iş aparır.
O deyib ki, bu gün TürkPA məlumatların vahid bazasının yaradılması məsələsi müzakirə edilir. Bununla əlaqədar olaraq peşəkar tərcüməçilərin məlumat bazasının yaradılması vacibdir.
“Bundan başqa, KİV nümayəndələri ilə TürkPA-ya üzv dövlətlər arasında əlaqələri möhkəmləndirmək, vahid media məkanı yaratmaq lazımdır”, - deyə J.Asanov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Qazaxıstanda həyata keçirilən transmilli layihələr “Böyük İpək Yolu”nun bərpa edilməsinə müsbət təsir göstərir.
A.Zeydullayeva