2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 1,8%, icbari növlər üzrə 7,5% artıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında qeyd edilir.
“2014-cü ilin 11 ayı ərzində könüllü sığorta növləri üzrə sığorta haqları 1,8% - 247,3 mln. manatadək artıb. Sığortaçıların bütün sığorta haqlarının 64,6%-i könüllü sığorta növlərinin payına düşür”, - deyə məlumatda bildirilir.
Sığortaçıların icbari sığorta növləri üzrə sığorta haqları 7,5% - 135,5 mln. manatadək, xüsusi çəki 34,4% artıb.
Hesabat dövrü ərzində sığortaçıların bütün ödənişlərinin 73,6%-i könüllü sığorta növlərinin payına düşüb. Onların həcmi 105,6 mln. manat təşkil edib və ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 36,9% artıb. İcbari sığorta növləri üzrə ödənişlər 13,7% - 37,9 mln. manatadək artıb, xüsusi çəki 26,4%-ə bərabərdir.
ASA-nın məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında sığortaçıların həyat sığortası üzrə sığorta haqları 43,8% - 91,7 mln. manatdək artıb, xüsusi çəki 24% təşkil edib.
Hesabat dövründə sığortaçıların qeyri-həyat sığortası üzrə sığorta haqları 291,1 mln. manat təşkil edib, bu isə ötən ilin 11 ayının göstəricisindən 4,6% azdır, xüsusi çəki 76% olub.
Sığortaçıların həyat sığortası üzrə ödənişləri 7,6 dəfə - 26,8 mln. manatadək (xüsusi çəki 18,7%), qeyri-həyat sığortası üzrə 9,1% - 116,7 mln. manatadək (xüsusi çəki 81,3%) artıb.
Xəbər verildiyi kimi, 11 ay ərzində Azərbaycanda sığortaçıların sığorta haqları 382,8 mln. manat, ödənişləri 143,5 mln. manat təşkil edib.
A.Əzizov