Gəncədə SOS Uşaq Kəndinin nəzdində yaradılan Gənclər evi istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
23 nəfər üçün nəzərdə tutulan Gənclər evində 14 yaşı tamam olan 11 oğlan qalır. Yeniyetmələrə 1 lider və 3 məsləhətçi xidmət edəcək. Həmin gənclər gələcəkdə ali məktəbə qəbul olarlarsa təhsil ocağını başa vurana kimi burada yaşaya biləcəklər. Hərbi xidmətə gedənlər isə xidməti başa vurduqdan sonra buranın xidmətindən yararlana biləcəklər.
“Burada onlar müstəqil həyata hazırlanırlar. Biz onlara bacardığımız qədər təhsil, peşə sahibi olamağa dəstək veririk. Onların həyatda müstəqil olaraq yer tutmalarına köməklik göstəririk”, – deyə SOS Uşaq Kəndləri Azərbaycan Asosasiyasının milli direktoru Sevinc İbrahimova bildirib.
Gələcəkdə qızlar üçün də Gənclər evinin yaradılması nəzərdə tutulur.
2006-cı ildən fəaliyyət göstərən Gəncə SOS Uşaq Kəndi ilə Gəncə şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığa dair sənəd imzalanıb.
F.Mehdiyev