1 dekabr 2014-cü il tarixinə Azərbaycanda 2 mln. 941,308 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 9,3% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.
“2014-cü ilin 11 ayı ərzində 249,951 min nəfərdən artıq şəxs üçün fərdi hesablar açılıb”, - deyə məlumatda bildirilir.
DSMF-in fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,06%-i kişi, 40,94%-i isə qadındır.
DSMF-in məlumatına görə, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 24,2%-ni əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9%-ni 30 yaşa kimi vətəndaşlar, 21,5%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 20,4%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.
N.Abbasova