Gürcüstan hökuməti Abxaziya istiqamətində dəmir yolunun açılması məsələsini müzakirə etmir. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bəyan edib.
“Qətiyyətlə deyə bilərəm ki, Gürcüstan hökuməti bu məsələni müzakirə etmir. Ötən həftə Ermənistanın baş naziri Tbilisiyə səfərə gəlmişdi. Bu məsələyə qətiyyən toxunulmayıb”, - deyə diplomat bu gün mətbuat konfransında bildirib.
Gürcüstan-Rusiya münasibətlərinə gəlincə, T.Şaraşenidze məlumat verib ki, “Gürcü arzusu” koalisiyası hakimiyyətə gəldikdən sonra Tbilisi Moskva ilə münasibətlərin bərpası siyasətinə başlayıb.
“Rusiya tərəfindən Gürcüstanın 20% ərazisinin işğalına baxmayaraq, Tbilisi ona güzəşti getdi. Əfsuslar olsun ki, bunun qarşılığında biz işğalın hüquqi cəhətdən rəsmiləşdirilməsi və bütün bu ərazilərin ilhaqı üçün addım olan əməkdaşlıq və strateji tərəfdaşlığa dair Rusiya-Abxaziya müqaviləsinin imzalanmasının şahidi olduq”, - deyə səfir vurğulayıb.
“Bizə məlumdur ki, Cənubi Osetiya ilə də imzalanmaq üçün beynəlxalq hüquqa zidd olan və bütün beynəlxalq birlik çərçivəsindən kənara çıxan analoji saziş hazırlanır”, - deyə o əlavə edib.
F.İsazadə