SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr 2014-cü il tarixindən 5 yanvar 2015-ci il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə “Azəriqaz” İB tərəfindən zəruri tədbirlər həyata keçirilir. Bununla əlaqədar 185 nömrəli qaynar xəttin və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr 2014-cü ildən 5 yanvar 2015-ci il tarixinədək qeyri-iş günləri elan edilib.
N.Abbasova