Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasının vacib olduğuna əmindir.
“Bizə məlumdur ki, Azərbaycanda elmi fəaliyyət əsasən akademiyanı, dövlət strukturları nəzdində fəaliyyət göstərən ali məktəblər, elmi təşkilatlar və qismən özəl sektoru əhatə edir. Elmi tədiqatlarda müəyyən təkrarçılıq, elmi mövzuların aktual olmaması, problemlərin olması, dünyanın elm məkanında baş verən proseslərlə ayaqlaşmama elmi fəaliyyətin qaçılmaz reallığıdır”,- deyə A.Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında elmdə koordinasiya məsələsinə toxunarkən bildirib.
O qeyd edib ki, respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması vacibdir.
“Hesab edirəm ki, Şuranın tərkibinə akademik institutların, universitetlərin, biznes və patent idarələrinin nümayəndələri daxil olmalıdırlar. Şuranın qərarı respublikanın bütün elmi təşkilatları üçün icbari olmalıdır”,- deyə o bəyan edib.
A.Əlizadə qeyd edib ki, vacib məsələlərdən biri də AMEA-nın bölmələrinə və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolu və məsuliyyətinin artırılmasıdır.
Qeyd olunub ki, fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatıb.
Müəssisələri elmi əlaqələndirmə şuralarının işinin fəallaşdırılması və onların fəaliyyəti haqqında hesabatların tərtib edilməsi, eləcə də bu məsuliyyətli işdə şəffaflığın təmin edilməsi vacib məsələdir”, - deyə AMEA prezidenti qeyd edib.
Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin nazirliklərin kollegiyaları ilə birgə iclaslar keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi də zəruridir.
A.Zeydullayeva