ABŞ-ın Azərbaycandakı səfirliyi 2015-ci ildə respublikada keçiriləcək parlament seçkiləri ilə əlaqədar Birləşmiş Ştatların Bakı ilə bağlı siyasətinin dəyişməsinə dair bir sıra KİV-in anonim mənbələrə istinadən yaydığı məlumatları təkzib edir.
“Həmin məqalələr qətiyyən həqiqətə uyğun deyil. Səfirliyə hər hansı məlumatın şərh edilməsinə dair müraciət daxil olmayıb və biz bu informasiyanı təkzib edirik”, - deyə ABŞ səfirliyinin məlumatında bildirilir.
Qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlaması məqsədilə bir sıra partiyalarla görüşlər keçirib.
“Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlığa ümid edirik”, - deyə məlumatda qeyd edilir.
F.İsazadə