Azərbaycanın son 10 il ərzində sürətli inkişafı İlham Əliyevin adı ilə bağlıdır. Bu sözləri baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və sədr müavini Əli Əhmədov söyləyib.
“Son on ildə Azərbaycanda iqtisadi möcüzə baş verib, ölkə iqtisadiyyatı üç dəfə artıb”,-deyə Ə.Əhmədov YAP tərəfindən təşkil edilmiş və ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Baş nazirin müavininin sözlərinə görə, ölkənin uğurlu inkişafının əsasında respublika rəhbərliyinin yürütdüyü düzgün siyasət dayanır.
“Bu gün Azərbaycan sürətli müasirləşmə dövrü yaşayır, əhalinin rifah səviyyəsi yüksəlir, insanların düşüncə tərzində müsbət dəyişiklik müşahidə olunur. Ölkə vətəndaşları özlərinə daha inamlı olmağa başlayıblar, onların vətənə bağlılığı artır”, - deyə Ə.Əhmədov vurğulayıb.
O, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artdığını da qeyd edib.
“Keçmiş SSRİ respublikalarından yalnız Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib”, - deyə Ə.Əhmədov vurğulayıb.
R.Babayev