Çərşənbə günü prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olub. Bu barədə rəsmi mətbuat məlumat verir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına tikintinin başa çatdığını, son tamamlama işlərinin həyata keçirildiyini bildirib. Həmçinin qeyd edilib ki, məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.
Dövlət başçısı obyektdə tikinti işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlar verib.
Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb.
Prezidentməsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
A.Zeydullayeva