Cümə axşamı Bakının Xəzər rayonunun Türkan qəsəbəsində fiziki imkanları məhdud olan uşaqlar üçün 6 saylı xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirdə çıxş edən internatın direktoru Balamirzə Zeynalov qarşıdan gələn bayramlar münasibətilə şagirdləri təbrik edib, onlara gələn ildə və təhsildə uğurlar arzu edib.
Onun sözlərinə görə, məktəb 1979-cu ildən etibarən nitq qüsuru olan uşaqlar üçün fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəb 2004-cü ildə əsaslı şəkildə yenidən qurulub.
“Məktəb zəruri inventar və avadanlıqla təchiz olunub”, - deyə direktor qeyd edib.
Onun çıxışından sonra məktəbin şagirdləri müxtəlif teatrlaşdırılmış səhnələr nümayiş etdiriblər, mahnılar ifa ediblər, Azərbaycan və rus dillərində şeirlər oxuyublar.
Məktəbdə təhsil alan 173 şagirdin təlim-tərbiyəsi ilə 96 müəllim məşğul olur.
Tədbirin təşkilatçısı Təhsil Nazirliyidir.
F.İsazadə