Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Sərgi AMEA, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən SMPDK sədri Ramiz Həsənov qeyd edib ki, baş tutacaq sərgi ölkə prezidentinin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçiriləcək.
R.Həsənov bildirib ki, iqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Həmin ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə bir sözlə insan kapitalına aid dəyərlərdir. Rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirilməlidir.
Komitə sədri, həmçinin əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliyi artıq o qədər də investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında texniki yeniliklər - ixtiralar, faydalı modellər, sənaye nümunələri əsas amillər kimi qiymətləndirilir.
Mərasimdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə əqli mülkiyyət və innovasiyaya həsr olunmuş sərginin Azərbaycanda ilk dəfə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda bu kimi sərgilərin təşkili biznes və elm, biznes və təhsilin inteqrasiyasına təsir göstərəcək.
Daha sonra sərgi pavilyonları ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji” nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN Xidmət”in İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahəsində fəaliyyət göstərən özəl nümayəndələr təmsil olunub.
A.Zeydullayeva