SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) avrobondların yeni buraxılışını planlaşdırır. Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov cümə axşamı mətbuat konfransında məlumat verib.
“Biz avrobondların yeni buraxılışını həyata keçirmək niyyətindəyik. Bazardakı investorlar SOCAR-ın avrobondlarına böyük maraq göstərirlər. Biz artıq öz tərəfimizdən bu prosesə hazırlığa başlamışıq, banklara müvafiq informasiya göndərilib”, - deyə S.Qasımov qeyd edib.
Onun sözlərinə görə, şirkət avrobondları 15 il müddətinə buraxmaq niyyətindədir.
“Həcmə gəlincə, bunun barəsində danışmaq tezdir, çünki hazırlıq aparmaq xəbəri avrobond buraxmaq demək deyil. İndi yalnız onu deyə bilərəm ki, bizim belə bir niyyətimiz var”, - deyə vitse-prezident qeyd edib.
Xəbər verildiyi kimi, 2012-ci ilin fevral ayında SOCAR 5 il müddətinə $500 mln. məbləğində avrobondun debüt buraxılışını həyata keçirib.
SOCAR 2013-cü ilin mart ayında CEEMEA bazarında 10 il müddətinə $1 mlrd. məbləğində avrobondun ikinci buraxılışını yerləşdirib.
N.Abbasova