Azərbaycan alimləri erməni saxtakarlıqlarını aşkar etmək məqsədilə özünəməxsus “yalan detektoru” icad ediblər. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bəyan edib.
“Bu yaxınlarda Ermənistanın lavaşı erməni çörəyi, düdüyü isə erməni xalq musiqi aləti kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək cəhdi Azərbaycan alimlərini qədim erməni lüğətlərinə müraciət etməyə sövq etdi. Həmin lüğətlərdə “lavaş” və “düdük” anlayışları ümumiyyətlə heç yoxdur”, - deyə F.Axundov cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu layihə, ilk növbədə Ermənistan ictimaiyyətinə yönəlib.
F.Axundov vurğulayıb ki, Qafqaz Tarixi Mərkəzinin əməkdaşı, dilşünas Elşad Əlili 18 qədim erməni lüğətini araşdırıb, onların heç birində türk köklərinə malik olan “lavaş” və “düdük” sözləri qeyd olunmayıb. Qədim türk lüğətlərində isə VII əsrdən başlayaraq həmin sözlər olub.
“Əgər ermənilər qədimdən yuxarıda qeyd olunanlardan istifadə edirdilərsə, o zaman onları izahlı lüğətlərində göstərməli idilər. 1837-ci ildə ermənilər erməni-rus lüğəti yaratdılar, ancaq orada da lavaş və düdük sözləri qeyd olunmayıb. Yəni həmin dövrdə erməni lüğətində həmin sözlər olmayıb, qonşularda isə olub”, - deyə F.Axundov söyləyib.
O vurğulayıb ki, “yalan detektoru” erməni dezinformasiyasının yayılması mexanizmi ilə yeni mübarizə alətinə çevriləcək.
“Bu gün ermənlər lavaşa dair məlumatın Vikipediyaya daxil edilməsi zamanı bu günlərdə təkrar nəşr olunmuş yeni lüğətlərdən istifadə edirlər. E.Əlili isə XVIII əsrdən nəşr edilmiş köhnə əsl lüğətlərdən istifadə edir”, - deyə o vurğulayıb.
F.Axundovun sözlərinə görə, icad edilən “yalan detektoru”nun əsas məqsədi Ermənistan rəhbərliyinin saxtalaşdırılmış tarix təqdim etdiyini erməni ictimaiyyətinə nümayiş etdirməkdir.
“XXI əsrin informasiya texnologiyaları bu məsələlərə nöqtə qoymağa imkan verəcək. Əvvəllər ermənilər lavaşın erməni mənşəli olduğunu sübut etmək üçün iddia edirdilər ki, qədim zamanlarda onların əcdadları lavaş yeyiblər. Bu zaman ermənilər əmin idilər ki, heç kim o dövrün artefaktını taparaq ortaya bu cür dəlilin əksini təsdiqləyən sübut qoya bilməyəcək. Lakin biz artefaktlar tapdıq, həm də o qədər qədim dövrə aid olmayan artefaktlar. Bunlar 18-ci əsrdən etibarən nəşr edilən erməni lüğətləridir. Lavaşın erməni mənşəli olmasına dair iddiaların əsassız olmasına əmin olmaq məqsədilə alimlərimiz 18 erməni lüğətini araşdırıblar, lakin onların heç birində lavaş sözünə rast gəlinməyib”, - deyə o bildirib.
F.Axundov vurğulayıb ki, ermənilərin “lavaş” və “düdük” sözlərinin erməni mənşəli olduğunu bütün dünyaya sübut etməyə çalışmaları sadəcə filologiya sahəsinə aid məsələ deyil.
“Bununla ermənilər bütün dünyaya Qafqazda məhz onların yerli xalq, qalan qonşu xalqların isə kənardan gəlmə olduqlarını və onlardan “qədim erməni” sözlərini mənimsədiklərini sübut etməyə çalışırlar. Müasir texnologiyalar alimlərimizə dünya birliyinə əsl həqiqəti təqdim etməyə imkan yaradacaq. Həm gürcülər, həm də digər xalqların nümayəndələri Azərbaycan alimlərinin yenilikləri və texnologiyalarından istifadə edə bilərlər. Deyək ki, bu gün ermənilər hətta xaçapurinin Ermənistan kulinariyasına aid yemək olduğunu sübut etməyə çalışırlar. Bunun əksini sübut etmək üçün sadəcə erməni və gürcü lüğətlərini araşdırmaq kifayətdir”, - deyə o bildirib. Sektor müdirinin sözlərinə görə, bu fakt məhz ermənilərin həmin sözü gürcülərdən mənimsədiyi sübut edir.
F.Axundov qeyd edib ki, Azərbaycan tərəfi həmin texnologiya barədə UNESCO-nu da məlumatlandırmaq niyyətindədir.
Y.Əliyev