Cümə günü Təhsil Nazirliyində “Elektron təhsil” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, müsabiqə 2010-cu ildən etibarən keçirilir və 3 mindən artıq layihə təqdim edilib.
“Bu il müsabiqəyə 1104 layihə təqdim olunub”, - deyə o məlumat verib.
C.Bayramovun sözlərinə görə, Azərbaycan hökuməti İKT-nin təhsil sahəsində tətbiq edilməsi üçün təsirli addımlar atır.
“Biz 2014-cü ilin birinci yarısını elektron resursların təhlilinə həsr etmişik. Bu gün artıq elektron dərsliklərdən istifadə edirik”, - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, nazirlik oyun formatında təhsil üzrə 25 elektron resursa malikdir və şagirdlər öz biliklərini yoxlaya bilərlər.
Müsabiqənin məqsədi tədris prosesində internet texnologiyalarından istifadənin genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin təlimi və təşviqi məqsədi ilə internetdən istifadənin yeni formalarının aşkar edilməsidir.
Müsabiqə 3 istiqamətdə və 7 nominasiya üzrə keçirilib: müasir məktəbdə elektron tədris resursları, təhsildə internet-texnologiyalar və milli elektron tədris resurslarının yaradılması.
Nazir müavini qeyd edib ki, musabiqe.edu.az saytında müsabiqədə iştirak üçün təqdim edilən layihələrin onlayn rejimdə müzakirələrində 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn iştirak edib.
Müsabiqənin yekunları üzrə 21 nəfər müxtəlif nominasiyalarda qalib olub, 47 nəfər diploma layiq görülüb.
Müsabiqənin sponsorları «AZEDUNET», «Edumedia», «Ultra», «Məbəd Azərbaycan», “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, «Nar Mobile» və «Dr.Web» olub.
F.İsazadə