Ermənistan tərəfi “Vikipediya” elektron ensiklopediyasının saytında “lavaş” sözünün etimologiyası ilə bağlı versiyaya tamamilə dəyişiklik edib. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov məlumat verib.
“Ermənilər illərdir “Vikipediya”nın saytında “lavaş” sözünün etimologiyası ilə bağlı yerləşdirilmiş və erməni ensiklopediyasına əsaslanmış materialları həftə ərzində tamamilə dəyişiblər. Əminəm ki, bu versiya da saytda cəmi bir neçə gün qalacaq, çünki o qədər gülüncdür ki, bizim təkzibolunmaz sübutlarımz qarşısında asanlıqla puç olacaq”,- deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
F.Axundov qeyd edib ki, “Vikipediya” uzun illər Erməni-Sovet ensiklopediyasına istinad edərək yazırdı ki, “lavaş” sözü qədim erməni sözlərindən “lav” (yaxşı) və (X)aş-yemək) sözlərindən yaranıb. İndi isə birdən-birə yeni versiya meydana çıxıb “loş”- (nazik çörək).
O, həmçinin UNESCO-nun lavaşı erməni mədəniyyətinə məxsus məhsul kimi mədəni irs siyahısına daxil etməkdən imtina etməsindən, eləcə də Azərbaycan tərəfinin “lavaş” sözünün türk etimologiyasına (“lay” və “aş” qat-qat yemək) aydınlıq gətirməsindən sonra Ermənistan tərəfinin bu sözün etimologiyası ilə bağlı şərhə dəyişiklik etməsinə diqqət çəkib.
“Buradan sual yaranır ki, “Vikipediya”da sayılı günlər ərzində “lavaş” sözünün etimologiyası necə bu qədər tanınmayacaq qədər dəyişikliyə uğraya bilib? Bizim “lavaş” sözünün türk etimologiyasına aid olmasına dair sübutlarımız qarşısında erməni saxtakarları tərəfindən çoxillik mövqenin bu qədər sürətlə dəyişdirilməsi onların mövqeyinin zəifliyindən xəbər verir. Digər tərəfdən bu, bizim erməni və dünya ictimaiyyətinə informasiya dəstəyi vermək kursumuzun doğru istiqamət olduğunu göstərir”, - deyə F.Axundov bildirib.
F.Hüseynzadə