Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müraciət edərək Azərbaycan reallıqlarının xaricdə təbliğinə kömək etməyə və müəyyən beynəlxalq dairələrin və KİV-lərin Azərbaycana qarşı əsassız tənqidinə qarşı mübarizədə kömək etməyə çağırıb.
“Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar bir çox xarici qüvvələrin, o cümlədən Avropadakı bəzi dairələrin xoşuna gəlmir”, - deyə A.Rəhimov bu gün mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu, dünyadakı müəyyən dairələrin Azərbaycan dövlətinin uğurlu inkişafına duyduqları paxıllıq hissi ilə əlaqədardır.
“Azərbaycan müstəqil siyasət yürüdən müstəqil dövlətdir. Yəqin ki, dünyadakı bir sıra idarə mərkəzləri çox da böyük olmayan bir ölkənin müstəqil siyasət yürütməsinə sakit baxa bilmirlər. Başqa müstəqil dövlətlər də var, lakin onlara xaricdən təzyiq göstərilmir”, - deyə nazir əlavə edib.
A.Rəhimov bildirib ki, Azərbaycanın zəngin enerji resurslarına malik olması çoxlarında həsəd oyadır.
“Bizim enerji ehtiyatlarımız çoxlarına rahatlıq vermir. Görünür, onlar Azərbaycanın özünün neft istehsal etməsindən və satmasından narazıdırlar. Onlar Azərbaycanın Suriya, İraq və Liviyanın taleyini yaşamamasından narahatdırlar. Bu, bir çoxlarının yuxusunu qaçırıb”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, ölkədə geniş miqyaslı beyəlxalq tədbir keçirildiyi zaman Azərbaycana qarşı tənqid kampaniyasının başladılması ənənə halını alıb.
“Azərbaycanda böyük yarışlar, tədbirlər başlayan kimi müxtəlif ölkələrin KİV-lərində tənqidi xarakterli materiallar dərc edilməyə başlayır. Bu, ölkəmizi ləkələmək və dövlətimizin uğurlarına kölgə salmaq məqsədi ilə edilir”, - deyə A.Rəhimov qeyd edib.
“Əgər tənqidlərə mən cavab versəm, bu, bir məmurun cavabı olacaq. Amma mətbuata mətbuat cavab versə, bu, daha effektiv ola bilər”, - deyə nazir bildirib.
R.Babayev