Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq uğurla inkişaf edir və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
«Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası mövcuddur. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahə də daxil olmaqla 170-ə yaxın sənəd imzalanıb», - deyə nazir bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ticarət əlaqələridir. Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10,5 % artaraq 2,6 mlrd. ABŞ dolları təşkil edib. Təkcə 2013-cü ildə bu göstərici rekord həddə çataraq 250 mln. ABŞ dolları təşkil edib.
Ş.Mustafayev qeyd edib ki, cari ilin yanvar-oktyabr aylarında Rusiyaya qeyri-neft məhsullarının ixracı artıb.
“Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və hər iki tərəf məhsul ixracının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında maraqlıdır. Ölkələrimizin iqtisadi potensialı qarşılıqlı investisiya qoyuluşuna böyük imkanlar yaradır. Son 10 ildə Azərbaycan tərəfindən Rusiya Federasiyasının iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından artıq birbaşa investisiya qoyulub. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi ümumilikdə 1,8 mlrd. ABŞ dolları təşkil edir”, - deyə o bildirib.
Nazir deyib ki, Azərbaycanda xidmət, tikinti, ticarət, rabitə, sənaye, kənd təsərrüfatı, nəqliyyat, bank və sığorta sahələrində fəaliyyət göstərən Rusiya investisiyalı 570 şirkət qeydiyyata alınıb.
Rusiya şirkətləri həmçinin, Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər. Azərbaycan Rusiyanın federal subyektləri ilə də uğurla əməkdaşlıq edir.
Onun sözlərinə görə, son 5 ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə 30-dan çox biznes-forum və işgüzar görüşlər keçirilib. Təkcə 2014-cü il ərzində 12 belə tədbir təşkil olunub.
Ş.Mustafayevlə müsahibə www.interfax.az saytında dərc olunacaq.
A.Axundov