“PAŞA Bank” Türkiyənin “TAİB Bank”ının səhmlərinin 79,9196%-ni satın alıb. Bu barədə bankın məlumatında deyilir.
“Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu “PAŞA Bank”a 28 mln. 795,121 min türk lirəsi məbləğində “TAİB Bank”ın kapitalının bir hissəsini satın almağa və onun səhm kapitalını 80 mln. türk lirəsindən 255 mln. türk lirəsinə qədər artırmağa icazə verib. Beləliklə, “TAİB Bank”ın kapitalında “PAŞA Bank”ın payı 79,9196% təşkil edəcək. Bu saziş nəticəsində 51 mln. türk lirəsi, yəni 20,0804% “Aksoy Holdinq A.S.”in payına düşəcək”, - deyə məlumatda bildirilir.
“PAŞA Bank” Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir şəraitdə mövcud imkanlar üzərində quracaq. Biznesin şəffaflığı və səmərəliliyi prinsiplərinə sadiq qalaraq bank öz hədəflərini kommersiya, investisiya və özəl bankçılıq müştərilərinə xidmət göstərməyə yönəldəcək.
“Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, “PAŞA Bank”ın rəhbərliyi Türkiyə bazarına daxil olmanın bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir”, - deyə məlumatda vurğulanır.
“TAIB YatırımBank A.S.” 1987-ci ildən etibarən Türkiyədə fəaliyyət göstərir. Hazırda bank “Aksoy Holdinq”in strukturuna daxildir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Axundov