Milli Məclisin deputatları parlamentin sədri Oqtay Əsədovu yüksək dövlət mükafatına layiq görülməsi münasibəti ilə təbrik ediblər.
“Siz artıq on ildir Milli Məclisə sədrlik edirsiniz və rəhbərliyiniz altında Azərbaycan parlamenti qanunvericilik sahəsində böyük işlər həyata keçirib, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub”, - deyə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bəyan edib.
O, dövlət başçısı tərəfindən parlament sədrinin mükafatlandırılmasını əlamətdar hadisə adlandırıb.
“Sizin mükafata layiq görülməyiniz barədə xəbər bizi sevindirdi. Hesab edirik ki, bu mükafat nəinki sizin, həm də bütün parlamentin fəaliyyətinə verilən yüksək qiymətdir. Milli Məclisin adından sizi təbrik edirik və 70 və 80 illik yubileyiniz parlamentdə bu vəzifədə qeyd etməyinizi arzu edirik”, - deyə E.İbrahimov vurğulayıb.
O.Əsədov deputatlara minnətdarlığını bildirərək qeyd edib ki, çərşənbə axşamı səhər prezident İlham Əliyev “Şərəf” ordenini ona təqdim edib.
“Prezident qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibəti ilə Milli Məclis üzvlərinə təbriklərini çatdırıb”, - deyə spiker söyləyib.
R.Babayev