Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına can atan Qərb ölkələri nəzərə almalıdırlar ki, bunun üçün ilk şərt olaraq Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilməlidir. Türkiyəli politoloq Kamer Kasım belə hesab edir.
“Dağlıq Qarabağ probleminin həlli həm Qafqazda möhkəm sülh və sabitliyin təmini, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşaması üçün əsas şərtdir”, - deyə politoloq ingilis dilində nəşr olunan “The Journal of Turkish Weekly” mətbu orqanındakı məqaləsində bildirib.
K.Kasımın sözlərinə görə, fəal lobbiçilərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, xüsusilə sərhədlərin açılması ilə bağlı arqumentlərində Ermənistanın indiki siyasəti nəzərə alınmır. “Dağlıq Qarabağ probleminin Ermənistan-Türkiyə münasibətlərindən asılı olmaması arqumenti Türkiyənin Ermənistanla sərhədlərini, ilk növbədə Qarabağ probleminə görə bağlaması faktına məhəl qoymur”, - deyə o qeyd edib.
Türkiyəli ekspert qeyd edib ki, “Ermənistan Qərbin maliyyə dəstəyi hesabına Qərbə daha yaxın olacaq” fikri özünü doğrultmadı, çünki bu ölkə Azərbaycan ərazisinin işğalını davam etdirir və beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozur. K.Kasımın fikrincə, bu qərb ölkələrinin vergi ödəyiciləri Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən məyus olublar və onlar düşünməlidirlər ki, onların bu ölkəyə qoyduqları vəsait Ermənistanın xarici siyasətinə təsir etməyib.
F.Hüseynzadə