Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilib.
Nazirlər Kabinetinin müvafiq qərarı rəsmi mətbuatda dərc olunub.
Qaydalara əsasən, EKTİS-nin operatoru Kənd Təsərrüfatı Nazirliyidir.
EKTİS kənd təsərrüfatı təyinatlı torpaq sahələri, fermer təsərrüfatları, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi ilə bağlı tədbirləri və s. məlumatları əks etdirən dövlət informasiya ehtiyatlarının və təşkilati texniki elementlərin vahid kompleksidir.
Bundan başqa, EKTİS Ədliyyə, Vergilər, Nəqliyyat nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunacaq.
Qaydalarda sistemin operatoru, iştirakçıları və istifadəçilərinin funksiyaları müəyyən edilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin aprel ayında prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə üç il müddətində mərhələlərlə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması tapşırılıb.
Sistem beynəlxalq təcrübəyə əsaslanmaqla aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün yaradılacaq. Nazirlik ildə bir dəfə bu sistemin yaradılmasına dair işlər barədə prezidentə məlumat verməlidir.
A.Axundov