Mobil nömrə daşınması xidmətinin fəaliyyətə başlamasından keçən müddət ərzində 12 mindən artıq mobil nömrə daşınıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
“1 fevral 2014-cü il tarixindən etibarən Azərbaycanda mobil rabitə operatorları tərəfindən nömrələrin daşınması xidməti tətbiq olunur. İndiyədək daşınan nömrələrin ümumi sayı 12 mini ötüb”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, nömrə daşınması xidmətinin tətbiqi təşəbbüsü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur.
“Mobil Nömrələrin Daşınması Sistemi” layihəsinin mahiyyəti mobil rabitə abonentinin bir operatordan asılılığının aradan qaldırılmasından ibarətdir. Xüsusilə abonentlər kod və nömrələrini dəyişmədən öz GSM operatorlarını başqası ilə əvəz edə biləcəklər. Bunun üçün abonentlər yalnız operatorun dəyişdirilməsi barədə ərizə yazmalıdırlar.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru (“Azercell”, “Bakcell” və “Azerfon”) fəaliyyət göstərir.
N.Abbasova