Avropa Şurası Parlament Assambleyasının Bürosu tərəfindən “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində təcavüzün artması” mövzusu üzrə təyin olunmuş britaniyalı parlamentari Robert Valter AŞPA-nın yanvar sessiyasından sonra regiona səfər edəcək.
“AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valter təşkilatın yanvar sessiyasından sonra regiona səfər edəcək”, - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı AŞPA-da daim məsələ qaldırır.
“Məsələ çox ləng də olsa, yenidən Avropa Şurasında aktuallaşmağa başlayır. Ermənistan nümayəndə heyəti uzun zaman bu mövzunun müzakirəyə çıxarılmasına əngəl olmağa çalışırdı, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin işində iştirakdan imtina edirdi və bu barədə heç nə eşitməməyə çalışırdı. İndi isə bu məsələ üzrə məruzəçi təyin edilib. Həmin məruzəçi AŞPA-nın yanvar sessiyasından sonra regiona səfər edəcək”, - deyə S.Seyidov qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/628677 saytında tanış olmaq olar
R.Babayev