Azərbaycanlı ilahiyyatçı alim Səbinə Nemətzadə Türkiyədə təcrübə keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
AMEA Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Prezident yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrantı çərçivəsində Türkiyənin İstanbul şəhərində elmi ezamiyyətdə olub.
“İslam sənət tarixində əlyazmaların bədii tərtibat xüsusiyyətləri” mövzusundakı qısamüddətli elmi təcrübəkeçmə layihəsi Türkiyənin İstanbul şəhərindəki Mərmərə Universitetində İlahiyyat fakültəsi ilə İslam tarixi və sənətləri (Türk-İslam sənət tarixi) bölümləri arasında baş tutub.
Treninq, brifinq, kurs və dərs xarakteri daşıyan təcrübəkeçmə Mərmərə Universitetinin İlahiyyat fakültəsi ilə yanaşı, Gözəl Sənətlər fakültəsi, İslam Araşdırmaları Mərkəzi (İSAM), Memar Sinan Universiteti, Ədəbiyyat fakültəsi sənət tarixi bölümü və s. kimi elm ocaqlarında aparılıb.
Təcrübə zamanı S.Nemətzadə Yazma Əsərlər Qurumu, Nadir əlyazmalar bölümündə olub, bir çox sərgilərə, o cümlədən Sabancı Muzeyində keçirilən 21-ci Sakıp Sabancı Ödül törəninə dəvət alıb. O, ezamiyyət müddətində Azərbaycan elmini layiqincə təbliğ edib, elmi mühitlə yaxından tanış olaraq müvafiq sahədə qarşılıqlı elmi əməkdaşlıq imkanlarının müzakirəsinə nail olub.
A.Zeydullayeva