Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasının qarşısını almağın yeganə yolu işğal altında olan Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılmasıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
“Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edərkən deyib”, - deyə H.Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Qarabağ münaqişəsinə dair bəyanatını şərh edərkən bildirib.
XİN-in rəsmi nümayəndəsi təəssüflə bildirib ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük Sülh Sazişi üzərində işə başlamağa mane olmaq siyasəti yürüdür.
“Cəbhə boyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir. ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.
Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi C.Psaki bəyan edib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahatdır.
“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir”, - deyə o bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton “tərəfləri regionda sülhə gətirəcək danışıqlarda iştirak etməyə çağırırır”.
R.Babayev