“PAŞA Bank” çərşənbə günü “Accessbank” və “Unibank”ın istiqrazları üzrə marketmeykerliyə başlayıb. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
Bank birjanın üzvü olan “PAŞA Kapital” MMC vasitəsi ilə bankların faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının marketmeykerliyini aparır.
Marketmeykerin sözügedən istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200min manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 24-də “Unibank” 20 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 20 min ədəd istiqraza bölünüb. İstiqrazların yerləşdirilmə müddəti 720 gün, illik gəlirlilik 9,75% təşkil edir. Faizlərin ödənişi 90 gündən bir həyata keçiriləcək.
“AccessBank” 2014-cü il dekabrın 29-da 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 12 min ədəd istiqraza bölünüb. İstiqrazların yerləşdirilmə müddəti bir təqvim ili, illik gəlirlilik 9% təşkil edir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın 5 aparıcı bankından biridir. Səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Axundov