Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində tam orta məktəbin binası, həkim ambulatoriyası, kənd mərkəzi və xidmət mərkəzi istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Yeni sosial obyektlrin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, bundan sonra hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir.
“Məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir”, - deyə V.Talibov mərasimdə bildirib. Onun sözlərinə görə, hər bir gənc orta məktəbdə təhsil almaqla yanaşı, həm də peşə seçməli, özünü ölkənin gələcəyinə hazırlamalıdır. “Ölkəmizdə bu məsələ daim diqqət mərkəzində saxlanılır, təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çünki təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğı, təhsilə qoyulan sərmayə isə ölkənin gələcəyinə qoyulan sərmayədir”, - deyə Ali Məclisin sədri qeyd edib. O vurğulayıb ki, Püsyan kənd tam orta məktəbi üçün yeni binanın istifadəyə verilməsi, yaradılan müasir tədris şəraiti də ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Gənclərə yaxşı təhsil vermək, onları gələcəyə hazırlamaq, hər bir şagirdə bacarığına uyğun olaraq peşə seçimində kömək göstərmək müəllimlərin qarşısında duran əsas vəzifələrdir. Püsyan kənd tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumtəhsil məktəblərinin orta göstəricilərindən aşağıdır. Ona görə də müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbin nailiyyətləri artırılmalıdır. Bu işdə kənd ictimaiyyətinin nümayəndələri, xüsusilə ailələr yaxından iştirak etməlidir.
4 mərtəbədən ibarət olan məktəb binası 792 şagird yerlikdir. Binada 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompyuter otağı, 2 müəllimlər otağı, 4 elektron lövhəli sinif, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilib.
İkimərtəbəli həkim ambulatoriyasında zəruri müasir avadanlıqlar və dərman preparatları ilə təchiz olunan baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və aptek var.
İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub yerləşir.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları fəaliyyət göstərir.
Q.Hüseynova