Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
73 ədəd yeni arxeoloji tapıntı 2013-2014-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub.
Daxil olmuş arxeoloji materiallar - saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpicləre.ə. V-IV minilliklərə aid edilir.
Arxeoloji tapıntılar muzeyə Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının üzvü və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə tərəfindən təqdim olunub.
AMEA-dan qeyd ediblər ki, Arxeologiya fonduna daxil olmuş materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi də istifadə olunacaq. Bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, ərazidə yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm rol oynayır.
A.Zeydullayeva