Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın satirik “Şarli Ebdo” jurnalının redaksiyasında insan tələfatı ilə nəticələnmiş terror aktını pisləyib. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat verir.
“Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyir və bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq”,- deyə A.Paşazadə bildirib.
QMİ bəyan edir ki, insan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır, bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər: “Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır”,- deyə o vurğulayıb.
Şeyxin sözlərinə görə, heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyil.
“Dini mərkəz olaraq hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri və simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib”, - deyə bəyanatda qeyd olunur.
“Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”,- deyə A.Paşazadə bildirib.
R.Babayev