Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) dünən Parisdə “Şarli Ebdo” satirik nəşrin ofisində törədilən terror aktını qəti şəkildə pisləyib. Bu barədə partiyanın saytında yerləşdirilən bəyanatda deyilir.
“YAP çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir”, - deyə bəyanatda qeyd edilir.
Bəyanatda vurğulanır ki, səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, “terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik”.
Bəyanatın müəllifləri qeyd edirlər ki, dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir.
“Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz”, - deyə bəyanatda deyilir.
YAP Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inanır.
Y.Əliyev