Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin respublikanın bir sıra şəhərlərindəki məktəblərdə öz fənlərini rus dilində tədris edən müəllimləri qonaq dəvət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Tədbirdə Bakı məktəblərinin müəllimləri ilə yanaşı, Gəncə, Zaqatala, Lənkəran, Mingəçevir, Sumqayıt, Xaçmaz, Şamaxı, Şəki, Şirvan, İsmayıllı və Abşeron rayonlarından gələn müəllimlər və ali məktəb müəllimləri iştirak ediblər.
Səfir müəllimlərə pedoqoji əməyə və əldə etdikləri nəticələrə görə təşəkkür edib. O, azərbaycanlı məktəblilərin 2014-cü ildə Rusiyada keçirilmiş beynəlxalq olimpiadalarda qazandıqları uğurları xatırladıb.
Belə ki, məktəblilər arasında XIII Beynəlxalq rus dili olimpiadasında rus dilini xarici dil kimi öyrənən 6 azərbaycanlı şagird iştirak edib. Bakının 160 nömrəli klassik gimnaziyasının nümayəndələri Maya Novruzova və Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri Rauf Babayev və İranə Zeynalova birinci dərəcəli diploma, həmin məktəbin şagirdləri Zlata və Vladlena Dana bacıları isə üçüncü dərəcəli diploma layiq görülüblər.
Bakı Slavyan Universitetinin məktəb-liseyinin 10-cu sinif şagirdi Hüseyn Abbasov olimpiadanın mütləq qalibi olub. O, A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda Rusiya büdcəsi hesabına təhsil almaq imkanı qazanıb. Bu, yalnız H.Abbasovun deyil, onun rus dili və ədəbiyyatı müəllimi Naibə Kərimovanın da uğurudur.
Rus dili üzrə XI Beynəlxalq olimpiadada dünyanın 16 ölkəsindən 107 məktəbli iştirak edib. Bakı Avropa Liseyinin nümayəndələri Ayşən Əliyeva bu müsabiqədə ümumi hesabda I yeri tutub, Əminə Manaflı isə inşa müsabiqəsində ən yaxşı nəticə göstərib.
Azərbaycan nümayəndə heyətinə Bakı Avropa Liseyinin rus dili müəllimi Alla Qantseva rəhbərlik edib.
Səfirlikdə rus dili müəllimləri üçün rus romanslarından ibarət konsert təşkil olunub. “Sankt-Peterburq Opera”nın solisti Yelena Qoroleviç Yuliya Kərimovanın (royal) müşayiəti ilə XIX əsr rus bəstəkarlarının əsərlərini ifa edib.
A.Zeydullayeva