Bakıda Məhəmməd peyğəmbər və altıncı imam Cəfər Sadiqin anadan olmasına həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verib.
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə hər bir müsəlman üçün örnək olan İslam peyğəmbərinin həyatına tarixi ekskurs keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri İbrahim İbrahimi qeyd edib ki, Məhəmməd peyğəmbər mərhəmət, sevgi və dostluq elçisi olub.
“Onun dünyaya müraciəti mərhəmət, sevgi və dostluqdan ibarət olub. Onun tərəfdaşları arasında Bilal Həbəşi (Həbəşistan - Efiopiya), Salman Farsi və bir çoxları kimi müxtəlif xalqların nümayəndələri olub. Peyğəmbər insanlar arasında milli və irqi mənsubiyyətə görə fərq qoymayıb”, - deyə İ.İbrahimi vurğulayıb.
O, xüsusi vurğulayıb ki, Məhəmmədin peyğəmbərliyinin məqsədlərindən biri də insanlar arasında mənəviyyatın formalaşmasıdır.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə təbriklərini bildirərək bütün Azərbaycan xalqına uğurlar arzu edib.
Bayram tədbiri dini mahnılar, şairlərin çıxışları və teatrlaşdırılmış səhnəciklərlə davam edib.
F.İsazadə