2015-ci il martın 11-də Bakıda Üçüncü Beynəlxalq “Caspian Energy Forum – 2015” keçiriləcək. Bu barədə Xəzər Avropa Klubunun (Caspian European Club, CEC) məlumatında deyilir.
Məlumatda “Caspian European Club”un icraçı direktoru Telman Əliyevə istinadən qeyd edilir ki, forumun açılış mərasiminə Azərbaycan prezidenti, Klubun sədri İlham Əliyev dəvət olunub.
Tədbirdə Azərbaycan, Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş “Caspian European Forum” keçiriləcək. “Caspian European Forum” çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.
N.Abbasova